Dostluq münasibətlərinə yeni töhfə

 

Azərbaycanda Belarus mədəniyyət günləri

 

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan mədəniyyəti öz fəaliyyətini daha da genişləndirdi. İstər xarici ölkələrdə, istərsə də öz məmləkətimizdə bu sahənin müxtəlif tədbirlərlə naxışlanan təntənəsi həm Azərbaycan, həm də əcnəbi xalqların mədəniyyətini bir-birinə yaxınlaşdırdı. Bu günlərdə işini başa çatdırmış II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun yaratdığı xoş təəssüratlar barəsində mətbuatda maraqlı yazılar dərc edildi. İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyi bir zamanda Azərbaycanda Belarus mədəniyyət günlərinin keçirilməsi də dostluq münasibətlərinə yeni töhfə bağışladı. İki ölkə arasında dərin tarixi və mədəni köklərə malik əlaqələr respublika Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən uğurla inkişaf etdirilir. Ölkələr arasında olan dostluq münasibətləri mədəni sahədə də əməkdaşlığın genişlənməsinə şərait və imkan yaradıb.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Belarus mədəniyyət günlərinin açılış mərasimi keçirildi. Respublika mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və onun belaruslu həmkarı Vasili Çemikin çıxış edərək hər iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin ənənə halını aldığını bildirdilər. Vurğulandı ki, belə tədbirlər zamanı xalqlar bir-birinin musiqisi, mədəniyyəti, ədəbiyyatı, maddi-mənəvi irsi ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Həqiqətən də Azərbaycanda belə bir tədbirin keçirilməsi respublikanın mədəni həyatında növbəti əlamətdar hadisə kimi dəyərləndirildi. Mərasimdə belaruslu mədəniyyət və incəsənət ustalarının rəngarəng və maraqlı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Mədəniyyət günləri çərçivəsində Bakıda "Belarus bu gün" adlı sərgi keçirildi. Belarus musiqisinin melodiyası altında sərgiyə keçirilən baxışda hər iki ölkənin mədəniyyət nazirlərinin müavinləri, digər rəsmi şəxslər iştirak edirdilər. Təqdim olunan foto və rəsmlərdə, eləcə də digər ekspozisiyalarda iki ölkə prezidentlərinin birgə şəkilləri, Belarus xalqının həyat tərzi, maddi mədəniyyət abidələri, gözəlliklərlə dolu bölgələrinin əksi tamaşaçıların marağına səbəb oldu. Bu ölkənin təbiətini, turizm potensialını əks etdirən fotoşəkillər və rəsm əsərləri yüksək sənətkarlıq nümunələri kimi diqqət çəkirdi.

Belarus mədəniyyət günləri kino həvəskarları üçün də maraqlı məqamlarla yadda qaldı. "Nizami" kino mərkəzində Belarus filmləri nümayiş olundu. Nümayişdən öncə Kinematoqrafçılar İttifaqının icraçı katibi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev iki ölkənin  kino sahəsindəki  əlaqələrindən danışdı. O bildirdi ki, Azərbaycan və Belarus kinematoqraflarını bir-birilərinə sıx tarixi əlaqələr bağlayır. Hələ keçən əsrin 30-cu illərində ilk azərbaycanlı qadın rejissoru Qəmər Salamzadənin Belarus rejissoru Aleksandr Popovla birgə "Dəcəl vətəgə" filmini çəkməsi ilə əlaqələrin başlanğıcı qoyulub. Bu əməkdaşlıq o vaxtdan yüksək səviyyədə davam etdirilib.

"Nizami" kino mərkəzində nümayiş olunan "Brest qalası" filminin mövzusu yaşlı tamaşaçılara tanış idi. İkinci Dünya müharibəsi zamanı Brest qalasının müdafiəsindən bəhs edən filmin baş qəhrəmanlarının nəzərində insani münasibətlər önə çəkilmişdi. Filmin əsas ideyası isə həbsxanalardan birinin divarında yazılmış "Ölərəm, lakin təslim olmaram" fikri ilə ifadə edilib. 140 dəqiqə davam edən ekran əsəri maraqla izlənilib.

Həmin gün Belarus kinematoqrafçılarının istehsal etdiyi cizgi filmləri də nümayiş olunub. Balaca tamaşaçılara beş yeni cizgi filmi töhfə edən Belarus kinematoqrafçıları lentə aldığı bu maraqlı ekran əsərində ibrətamiz hekayələr təsvir edilib. Filmlərin qəhrəmanları uşaqları xeyirxahlığa, dostluğa və digər xoş məziyyətlərə çağırırlar. Balaca seyrçilər Belarus nağıl qəhrəmanlarının macəralarından bəhs edən "Nesserka-5" və "Nesserka-6" ikihissəli, "Musiqi sandığı", "Ötən illər haqqında poema", "Quşlar", "Kəsəyən" adlı cizgi filmlərinə tamaşa edirlər.

Belarus Respublikasının mədəniyyət günləri ilə bağlı ölkəmizə gəlmiş geniş nümayəndə heyəti Xaçmaza da səfər edib. Bu şəhərin Çənlibel parkında qonaqların təmtəraqlı qarşılanma mərasimi keçirilib. Nümayəndə heyətinə təqdim olunan duz-çörək və şərbət qonaqları riqqətə gətirib. Onlar qədim ənənəni yaşatdıqlarına görə Azərbaycan xalqına öz minnətdarlıqlarını bildiriblər. Müxtəlif gəzinti və ziyarətlərdən sonra Belarus incəsənət nümayəndələrinin iştirakı ilə Fəvvarələr bağında təşkil edilmiş konsert xaçmazlıların marağına səbəb olub. Proqram başlamazdan öncə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək xalqlar arasındakı dostluq münasibətindən söz açıblar.

Konsertdə Belarusun "Svyata" Dövlət Xalq Musiqi Ansamblının, Belarusda yaşayan həmyerlimiz, estrada müğənnisi Günəş Abbasova, eləcə də nüfuzlu beynəlxalq müsabiqələr laureatı, bayançı Vladislav Pliqovkanın və digər məşhur incəsənət ustalarının təqdim etdiyi proqram maraqlı keçib. Mədəniyyət günləri çərçivəsində Belarus musiqiçiləri Bakının Mərdəkan qəsəbəsində konsert proqramı ilə çıxış ediblər.

Beləliklə, xalqlararası mədəni bağların möhkəmlənməsinə xidmət edən daha bir mədəniyyət tədbiri tarixə qovuşdu. Belarus mədəniyyət nazirinin müavini Vasili Çernikin mətbuata verdiyi müsahibələrin birində bu mərasimlə əlaqədar öz fikirlərini belə ifadə edib: "Mən ilk dəfədir ki, Bakıdayam. Azərbaycanın paytaxtı və qonaqpərvər insanları məni valeh etdi. Bakı, ümumilikdə Azərbaycan haqqında xoş təəssüratlarımı dilə gətirməkdə məmnunam. Bəzən də gördüyüm o xoş münasibəti, qonaqpərvərliyi, Azərbaycan xalqının yüksək musiqi duyumunu ifadə etməyə çətinlik çəkirəm. Mən çox xoşbəxt və şadam ki, belə bir ölkədə mənsub olduğum xalqın mədəniyyət günləri keçirildi."

 

 

 

Flora XƏLİLOVA

 

Azərbaycan.-2013.- 8 iyun.- S.9.